İQTİSADİYYAT
İtaliya narkotiklərlə mübarizə sahəsində Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Bakı, 16 aprel, AZƏRTAC
İtaliya narkotiklərlə mübarizə sahəsində Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 16-da DGK və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Departamentinin Narkotiklərlə Mübarizə Agentliyinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan tərəfini Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev təmsil edib.
İtaliya nümayəndə heyətinin rəhbəri Marko Braccioli bu görüşün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Vurğulayıb ki, İtaliya narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirən ölkələrdən biridir. Qeyd edib ki, görüşdə əsas məqsəd narkotiklərlə mübarizə sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək və bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə xüsusi memorandum imzalamaqdır.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Ə.Abdullayev Azərbaycan Gömrük Xidmətinin bütün sahələrdə, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığa, təcrübə və məlumat mübadiləsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini bildirib ki, Azərbaycan Gömrük Xidməti narkotiklərlə mübarizə sahəsində ciddi addımlar atıb və son illər bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.
Ə.Abdullayev İtaliya ilə də qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinin və bu sahədə hüquqi sənədin hazırlanaraq imzalanmasının ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.