DÜNYA
İtaliyada 4-cü doza peyvəndin tətbiqinə başlanılacaq
Roma, 22 fevral, AZƏRTAC
İtaliyada COVID-19 infeksiyası əleyhinə peyvəndin 4-cü dozasının tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının Fövqəladə Satınalmalar Komissarı, general Françesko Paolo Figliuolo deyib.
O qeyd edib: “Peyvəndin 4-cü dozasından faydalanacaq qrupları müəyyən etmək üçün Səhiyyə Nazirliyi ilə birgə çalışırıq. Martın 1-dən etibarən risk qrupuna daxil olan insanlar üçün 4-cü doza peyvəndin tətbiqinə başlaya bilərik”.
Qeyd edək ki, COVID-19 epidemiyasının ikinci ilində İtaliyada virusa yoluxma sayı 12,5 milyona çatır. Koronavirus qurbanlarının sayı 153 min 190-dır. Ölkədə aktiv koronavirus xəstələrinin sayı isə 1 milyon 321 min 971 nəfərdir.
İndiyədək 133 milyon 339 min 706 doza peyvəndin tətbiq olunduğu İtaliyada hər iki doza vaksin qəbul edənlərin sayı 48 milyon 85 min 458 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti isə 89 faizdir). İndiyədək 36 milyon 992 min 247 doza əlavə peyvənd tətbiq edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma