DÜNYA
İtaliyada körpünün uçması nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb
Bakı, 14 avqust, AZƏRTAC
İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ölkənin daxili işlər naziri və Baş nazirin müavini Matteo Salvininin bəyanatında əksini tapıb. O, həmçinin faciə nəticəsində çox sayda insanın xəsarət aldığını bildirsə də, onların sayını dəqiqləşdirməyib.
Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam edir, yaralılar dağıntılar altından çıxarılaraq xəstəxanalara göndərilir. Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb.
Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi 200 metr uzunluğunda körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsi olub.