İQTİSADİYYAT
İtaliyada TAP qaz boru kəməri layihəsi müzakirə edilib
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin cari vəziyyəti İtaliyanın iqtisadi inkişaf nazirinin müşaviri Mauro Battokki və həmin nazirliyin təchizatın və enerji infrastrukturlarının təhlükəsizliyi baş idarəsinin baş direktoru Cilberto Dialuçe ilə müzakirə edilib.
Azərbaycanın Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə baş tutan görüşdə zeytun ağaclarının köçürülməsi ilə bağlı irəliləyişlərin olduğu aydınlaşıb. Müvafiq icazənin bu günlərdə Puliya regionunun fitosanitar nəzarəti həyata keçirən qurumu tərəfindən veriləcəyi gözlənilir. Məhz bundan sonra ərazidən zeytun ağaclarının köçürülməsinə başlanılacaq.
Layihə üzrə nəzərdə tutulan digər fazalarla bağlı icazələrin vaxtında əldə edilməsi üçün işlər davam etdirilir. Bildirilib ki, İtaliyanın Ətraf Mühit Məcəlləsinə yeni bir maddənin daxil edilməsi üzərində iş aparılır. Bu dəyişikliyə görə, dövlət və milli əhəmiyyətli layihələr üzrə dekretlərin verilməsi məsələsində regional strukturlar tərəfindən maneələr yarandığı təqdirdə bu səlahiyyətlər dərhal Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyinə keçəcək. Bu dəyişikliyin cari ilin may-iyun aylarında qüvvəyə minəcəyi gözlənilir.
Bundan başqa, TAP kəmərinin Milli Paylaşdırıcı Şəbəkəyə birləşdirilməsini təmin edəcək və “Snam” şirkəti tərəfindən çəkiləcək San Fokadan Brindiziyə qədər olan kəmərlə bağlı icazələr üçün də Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyi ilə danışıqlar aparılır.
Qeyd edilib ki, Puliya regionu tərəfindən TAP layihəsi ilə bağlı vahid icazə sənədi verilərkən regionun maraqlarının nəzərə alınmadığı iddiası ilə Dövlət Şurasına müraciət edilib. İddia əsassız olduğu üçün böyük ehtimalla Dövlət Şurası tərəfindən təmin edilməyəcək və bundan sonra müraciət etməyə yuxarı məhkəmə instansiyası yoxdur.
Görüşdə həmçinin fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın iştirakının vacibliyi də müzakirə olunub.