DÜNYA
İtaliyada zəlzələ olub
Roma, 9 noyabr, AZƏRTAC
İtaliyada 4 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Roma bölməsi məlumat yayıb. Episentri Termoli şəhərindən təxminən 20 kilometr aralıda, Kampobasso əyalətinin Monteçilfone bölgəsi olan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkan müxtəlif bölgələrdə aydın hiss edilib, əhali arasında təşviş yaradıb. Mülki müdafiə qüvvələri zəlzələdən sonra insan tələfatı və dağıntı olmadığını açıqlayıb, ərazidə yoxlamalar aparılır.
Qeyd edək ki, Monteçilfonedə 2018-ci ilin avqustunda qeydə alınan 5,2 bal gücündə zəlzələ nəticəsində şəhər və qonşu bölgələrdəki evlərə ciddi ziyan dəyib. Bölgədə yenidənqurma və bərpa işləri hələ də davam edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma