İQTİSADİYYAT
İtaliyanın “Citta della Spezia” xəbər saytında Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı ilə bağlı yazı yerləşdirilmişdir
Roma, 7 iyun (AZƏRTAC). İtaliyanın “Citta della Spezia” xəbər saytında Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı ilə bağlı yazı yerləşdirilmişdir.
Yazıda qeyd olunur ki, zəngin enerji ehtiyatlarına malik, sürətli inkişaf dövrü yaşayan Azərbaycan Avropa məkanında öz mövqeyini möhkəmləndirməkdədir. Tikinti və investisiya yatırmaları kimi sahələrdə də dinamik tərəqqinin müşahidə olunduğu Azərbaycan tarixdə ilk dəfə 2015-ci ildə baş tutacaq Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.
İtaliyalı mütəxəssislərin də bu sərgidə fəal iştirakını xatırladan müəllif məqaləsində tədbirdə bu ölkəni təmsil edən Chiara Aliotonun fikirlərinə də yer vermişdir: “Sərgi və konfrans neft və qaz sahəsində ən aparıcı şirkətləri bir araya gətirən önəmli tədbirlərdən biridir. Burada iştirak etmək bizim üçün çox önəmlidir. Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətlərinin bu ölkə haqqında çox müsbət təəssüratları vardır”. Sərgidə iştirak edən digər italiyalı nümayəndə Paolo Lusenti isə deyir: “Azərbaycan ilə İtaliya arasında ticarət əlaqələri yüksək səviyyədədir. Bu məqam da qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyət göstərməyə imkan yaradır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma