İQTİSADİYYAT
İtaliyanın “Dazebao news” portalı Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafından yazır
Roma, 20 may, AZƏRTAC
İtaliyanın “Dazebao news” xəbər portalında Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafının təhlil edildiyi məqalə yayılıb.
Məqalədə qeyd olunur ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra sürətli iqtisadi inkişaf dövrünə qədəm qoyub. Dünya bazarında böhranların yaşandığı bir vaxtda Azərbaycan məntiqli bir yol seçib: iqtisadiyyatın şaxələndirilməsi. Ölkədə son illər bu istiqamətdə mühüm işlər görülür. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət nəticəsində təkcə enerji sahəsi deyil, qeyri-neft sektorunun inkişafı da diqqət mərkəzindədir.
Yazıda Azərbaycanın maliyyə naziri Samir Şərifovun Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində səsləndirdiyi fikirlərə də yer verilib. Nazir Azərbaycan hökumətinin neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltdiyini, kənd təsərrüfatı, turizm, İKT kimi sahələrin tərəqqisini ön plana çəkdiyini bildirib.
Məqalədə son illər xüsusilə turizm sektorunda dinamik inkişafın nəzərə çarpdığı vurğulanır və bu yüksəliş statistik rəqəmlərlə qeyd olunur. Bildirilir ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi durmadan artmaqdadır.
Sonda müəllif yazır ki, qlobal enerji bazarında hökm sürən böhrana baxmayaraq, Azərbaycanda bu çətin dövrü ən az zərərlə başa çatdırmaq üçün bütün mümkün tədbirlər həyata keçirilməkdədir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma