İQTİSADİYYAT
İtaliyanın Liquriya regionunun iş adamları Azərbaycanda biznes mühiti barədə məlumatlandırılıblar
La Speçiya, 4 mart, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Liquriya regionunun iri şəhərlərindən biri olan La Speçiyaya işgüzar səfər edib.
Səfər çərçivəsində şəhərinin meri Massimo Federiçi ilə keçirilmiş görüşdə səfir Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən, Avropa İttifaqı, o cümlədən İtaliya ilə münasibətlərimizdən danışıb. Bildirilib ki, ölkələrimiz arasındakı əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ticarət münasibətlərimizin cari vəziyyəti barədə məlumat verən V.Sadıqov vurğulayıb ki, La Speçiya şəhərinin turizm və logistik potensialı Azərbaycan ilə bu region arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.
M.Federiçi La Speçiyanın iqtisadi imkanları barədə məlumat verərək, şəhərdə xüsusilə dəniz nəqliyyatının sürətli inkişafından danışıb.
Səfər çərçivəsində La Speçiyanın Sənayeçilər İttifaqında ölkəmizin iqtisadiyyatına dair keçirilmiş tədbiri giriş sözü ilə açan qurumun prezidenti Ciorcio Bukkioni şəhərin iqtisadiyyatı və Azərbaycan ilə əməkdaşlıq perspektivləri barədə qısa məlumat verib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətindən, münasibətlərimizin genişləndirilməsi imkanlarından və Azərbaycan üçün hazırkı prioritetlərdən bəhs edən səfir respublikamızda xarici sərmayəçilər üçün yaradılmış şərait və biznes mühiti haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən Piza Universitetinin aparıcı tədqiqatçısı Andrea Cannotti Azərbaycanın regionda tutduğu mövqeyi, siyasi və iqtisadi sahədə qazandığı uğurlardan danışıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
La Speça