İTAR-TASS BİRƏSRLİK YUBİLEYİNİ QEYD EDİR
Qeyd etmək lazımdır ki, bu informasiya agentliyi Rusiyanın aparıcı dövlət informasiya agentliyi kimi rəsmi statusunu ötən yüz il ərzində daim saxlayaraq, ən mötəbər informasiya mənbələrindən biri kimi tanınmışdır.
İndi İTAR-TASS-da yüzlərlə yüksək ixtisaslı və peşəkar jurnalist işləyir. Agentlik hər gün 200 qəzet səhifəsindən çox həcmdə mətnli informasiya, yüzdən artıq operativ fotoşəkil və qrafik təsvir buraxır. Hazırda İTAR-TASS 45 operativ lent, - onların 6-sı xarici dillərdədir, - müştərilərin sifarişi ilə 20-dən çox tematik informasiya paketi, 20-dən artıq bülleten və xəbərlər məcmuəsi, 10-dan çox dövri soraq nəşri, illüstrasiyalı ictimai-siyasi həftəlik və bir sıra digər məhsul təklif edir.
Bu günlərdə İTAR-TASS Rusiyadan və xarici dövlətlərdən təbriklər alır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də agentliyin kollektivinə təbrik göndərmiş və ona işdə uğurlar arzulamışdır. Rusiya Prezidenti Vladimir Putinin təbrikində isə deyilir ki, İTAR-TASS dünya informasiya məkanının liderlərindən biridir, operativ və hərtərəfıi informasiyanın etibarlı mənbəyidir.
İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko yubileylə əlaqədar demişdir: “Bu yubiley əlamətdar dövr, mərhələdir, görülmüş işlərə yekun vurulması, yeni günə startdır. Agentliyimizin birəsrlik tarixi Rusiya imperiyasının qızıl əsri ilə, inqilab və müharibə sınağından çıxmış TASS-ın xəbərlərinə xüsusi sanbal verir. İnsanın kosmosa ilk uçuşu barədə xəbəri dünyaya məhz TASS yaymışdır. Bu yüz ildə agentliyin müəyyən standartı formalaşmışdır. Elə bir standart ki, o, informasiyanın dəqiq, ölçülüb-biçilmiş və aktual olmasını tələb edir. Odur ki, biz agentliyin indiki gündəlik işində bu standarta dönmədən əməl etməyə borcluyuq”.