IV FƏSİL
SIĞORTAÇILARDA KORPORATİV İDARƏETMƏ
Maddə 25. Sığortaçının idarəetmə orqanları
25.1. Sığortaçılarda korporativ idarəetmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, həmçinin bu Qanunda müəyyən olunmuş əlavə tələblər nəzərə alınmaqla formalaşdırılır və həyata keçirilir.
25.2. Sığortaçı aşağıdakı orqanlar tərəfindən idarə olunur:
25.2.1. ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı;
25.2.2. ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən Direktorlar Şurası;
25.2.3. icra orqanı olan İdarə Heyəti;
25.2.4. sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən Təftiş Komissiyası.
Maddə 26. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağı
26.1. Səhmdarların Ümumi Yığıncağının Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müstəsna səlahiyyətlərindən başqa sığortaçıların Səhmdarlarının Ümumi Yığıncağının aşağıdakı əlavə səlahiyyətləri var:
26.1.1. digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyulması, o cümlədən başqa sığortaçının səhmlərinin alınması, sığortaçının törəmə cəmiyyətlərinin təsis edilməsi və fəaliyyətlərinə xitam verilməsi barədə qərarlar qəbul etmək;
26.1.2. sığortaçının qiymətli kağızlarının, o cümlədən səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, sığortaçının kapitalının artırılması və ya azaldılması, xalis mənfəət hesabına ehtiyatların formalaşdırılması barədə qərarlar qəbul etmək;
26.1.3. bu Qanunun VIII Fəslində nəzərdə tutulmuş əsaslı dəyişikliklər barədə qərarlar qəbul etmək;
26.1.4. sığortaçının maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
26.1.5. bu Qanunun 10.7-ci maddəsi nəzərə alınmaqla sığortaçının filial və nümayəndəliklərinin açılması və ya ləğvi barədə qərarlar qəbul etmək, onların əsasnamələrini təsdiq etmək;
26.1.6. bu Qanunun 75.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortaçının müstəqil auditorunu seçmək və təyinatını geri götürmək;
26.1.7. sığortaçının büdcəsini təsdiq və qəbul etmək;
26.1.8. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının əsasnamələrini təsdiq etmək;
26.1.9. Direktorlar Şurasından və Təftiş Komissiyasından hesabatlar almaq;
26.1.10. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini və onun müavinlərini seçmək, onların səlahiyyətlərinə xitam vermək;
26.1.11. rəhbər işçilərin sığortaçının adından öhdəliklər qəbul etmək, səlahiyyətlərini və həmin səlahiyyətlərin sığortaçının digər əməkdaşlarına verilməsi hədlərini müəyyənləşdirmək;
26.1.12. sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş və Təftiş Komissiyası tərəfindən tövsiyə edilmiş maliyyə hesabatlarını təsdiq etmək.
26.2. Bu Qanunun 26.1.4-26.1.6-cı və 26.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətlər nizamnamə əsasında və ya Səhmdarların Ümumi Yığıncağının qərarı ilə sığortaçının Direktorlar Şurasına verilə bilər.
Maddə 27. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının
iclasları
27.1. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının iclaslarında Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulanlardan başqa, Direktorlar Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə seçilməsi və vəzifədən azad edilməsi, başqa sığortaçının səhmlərinin alınması, törəmə cəmiyyətlərin təsis edilməsi məsələləri üzrə qərarlar iclasda təmsil edilən səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.
27.2. Səhmdarların Ümumi Yığıncağının növbəti iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, lakin maliyyə ili bitdikdən sonra 2 aydan gec olmayan müddətdə çağırılmalıdır.
27.3. Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, həmçinin müvafiq hallarda Təftiş Komissiyasının tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.
27.4. Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə Səhmdarlarının Ümumi Yığıncağının iclası gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Maddə 28. Sığortaçının Direktorlar Şurasının tərkibi və iclasları
28.1. Direktorlar Şurası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 28.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
28.2. Direktorlar Şurasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Direktorlar Şurasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
28.3. Sığortaçının və ya onunla əlaqəli şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin hər hansı səhminə malik olmayan şəxs Direktorlar Şurasının müstəqil üzvü seçilə bilər.
28.4. Direktorlar Şurasının sədri sığortaçının Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən onun üzvləri sırasından seçilir. Direktorlar Şurasının sədri sığortaçının digər idarəetmə orqanında vəzifə tuta bilməz.
28.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulanlardan başqa, aşağıdakı şəxslər də Direktorlar Şurasının üzvü ola bilməzlər:
28.5.1. digər sığortaçının idarəetmə orqanının üzvləri;
28.5.2. sığortaçı olmayan üç və ya daha çox hüquqi şəxsin idarəetmə orqanının üzvü olan şəxslər.
28.6. Bu Qanunun 28.5-ci maddəsində göstərilən şəxslər Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilməlidirlər.
28.7. Direktorlar Şurası iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası sığortaçının nizamnaməsi və ya Direktorlar Şurası haqqında əsasnamə ilə müəyyən edilir.
28.8. Direktorlar Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Direktorlar Şurasının iclaslarında üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir.
Maddə 29. Sığortaçının Direktorlar Şurasının səlahiyyətləri
29.1. Sığortaçının Direktorlar Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
29.1.1. sığortaçının idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən sığortaçının İdarə Heyətindən hesabatlar almaq;
29.1.2. Səhmdarların Ümumi Yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;
29.1.3. bildirişlər göndərmək yolu ilə Səhmdarların Ümumi Yığıncağının iclaslarını çağırmaq və səhmdarların, İdarə Heyətinin və Təftiş Komissiyasının tələbi ilə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini müəyyən etmək;
29.1.4. İdarə Heyətinin və Təftiş Komissiyasının iclaslarını çağırmaq;
29.1.5. sığortaçı tərəfindən qanunvericiliyə əməl edilməməsi faktını müəyyən etdikdə pozuntunun aradan qaldırılmasını təmin edən tədbirlər görməklə Səhmdarların Ümumi Yığıncağını, İdarə Heyətini və Təftiş Komissiyasını bu barədə xəbərdar etmək;
29.1.6. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərindən başqa digər rəhbər işçiləri təyin etmək və onların əmək haqlarının miqdarını müəyyən etmək;
29.1.7. İdarə Heyətinin hər hansı bir üzvünün fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə onu vəzifədən kənarlaşdıraraq Səhmdarların Ümumi Yığıncağı tərəfindən İdarə Heyətinin yeni üzvü təsdiq edilənədək müvafiq vəzifənin icrası üçün bu Qanunun tələblərinə cavab verən digər şəxsi müvəqqəti seçmək;
29.1.8. öz üzvləri arasında, öz üzvləri ilə İdarə Heyətinin üzvləri arasında, həmçinin İdarə Heyətinin üzvlərinin öz aralarında baş verən mənafe toqquşmalarının tənzimlənməsi üzrə qaydalar müəyyənləşdirmək və təsdiq etmək;
29.1.9. sığortaçının biznes strategiyasını müəyyən etmək;
29.1.10. sığortaçının daxili nəzarət sistemini təşkil edən qayda və prosedurları aşağıdakı prinsiplər əsasında təsdiq etmək:
29.1.10.1. sığortaçının fəaliyyətinin Direktorlar Şurasının müəyyən etdiyi strategiyaya və qaydalara uyğun həyata keçirilməsi;
29.1.10.2. sığorta əməliyyatlarının yalnız lisenziyaya müvafiq qaydada aparılması;
29.1.10.3. sığortaçının aktivlərinin təhlükəsizliyinin təmin edilməsi;
29.1.10.4. verilən məlumatların mühasibat uçotunda tam, dəqiq, dürüst, yoxlanıla bilən formada və vaxtında əks etdirilməsi;
29.1.10.5. rəhbər işçilərin sahibkarlıq risklərini müəyyən etmək, qiymətləndirmək, tənzimləmək, belə risklər üçün kapitalın müvafiq səviyyəsini saxlamaq bacarığına malik olması;
29.1.11. sığortaçının kapital ehtiyatlarının formalaşdırılması haqqında qərar qəbul etmək;
29.1.12. sığortaçının nizamnaməsində nəzərdə tutulmuş hallarda sığortaçının adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
29.1.13. sığortaçının fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin daxili yoxlanması barədə qərar qəbul etmək;
29.1.14. müstəqil və ya daxili auditorların, habelə sığorta nəzarəti orqanının yoxlamalarının nəticələrinə baxmaq, bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
29.1.15. qanunvericiliklə, həmçinin sığortaçının nizamnaməsi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
29.2. Direktorlar Şurasının bu Qanunun 29.1.7-ci və 29.1.11-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar Səhmdarların Ümumi Yığıncağının iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.
29.3. Həyat sığortası fəaliyyəti ilə məşğul olan sığortaçının aktuarisini onun Direktorlar Şurası təyin etməlidir.
Maddə 30. Sığortaçının Direktorlar Şurasının vəzifələri
30.1. Sığortaçının Direktorlar Şurasının vəzifələri aşağıdakılardır:
30.1.1. öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi üçün sığortaçının maliyyə vəsaitlərinin kifayət qədər saxlanılmasının təmin edilməsinə, sığortalılarla ədalətli rəftar olunmasına, sığortaçının biznesinin və digər əməliyyatlarının idarə olunmasına nəzarət etmək;
30.1.2. sığortaçının mənafelərinə uyğun gəlməyən halların aradan qaldırılması məqsədi ilə bu Qanunun VII Fəslində nəzərdə tutulmuş əlaqəli şəxslərlə bağlanan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimatı təsdiq etmək;
30.1.3. müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu Qanuna uyğun olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək;
30.1.4. əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin daxili siyasətini və qaydalarını təsdiq etmək;
30.1.5. böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və əvvəlcədən nəzərdə tutulan gəlir əldə edilməsi üçün bu Qanunun VI Fəslinin tələblərinə cavab verən sığortaçının investisiya siyasətini təsdiq etmək;
30.1.6. təkrarsığorta əməliyyatları üzrə siyasəti, o cümlədən təkrarsığortanın etibarlığını, risklərin bölüşdürülməsinin ümumi səviyyəsini, hər bir risk üzrə şəxsi tutumun və hər bir sığorta hadisəsi üzrə öhdəliyin yuxarı həddini və təkrarsığortanın sığortaçı üçün məqbul hesab edilən digər meyarlarını təsdiq etmək;
30.1.7. sığortaçının bu Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək.
Maddə 31. Sığortaçının İdarə Heyəti
31.1. Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir.
31.2. İdarə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
31.3. Digər hüquqi şəxsdə rəhbər vəzifə tutan şəxs sığortaçının İdarə Heyətinin üzvü ola bilməz. Sığortaçının İdarə Heyətinin üzvü digər hüquqi şəxsdə rəhbər vəzifəyə təyin olunduqda Səhmdarların Ümumi Yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü vəzifəsindən azad edilir.
31.4. İdarə Heyətinin üzvləri sırasından İdarə Heyətinin sədri və onun bir, yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
31.5. İdarə Heyətinin iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
31.6. İdarə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə İdarə Heyəti sədrinin səsi həlledici sayılır.
31.7. İdarə Heyəti fəaliyyətini Direktorlar Şurası tərəfindən işlənib hazırlanan biznes strategiyasına, həmçinin bu Qanunun 29.1.10-cu maddəsinə əsasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir.
Maddə 32. Sığortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları
32.1. Sığortaçının Təftiş Komissiyası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
32.2. Təftiş Komissiyasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Təftiş Komissiyasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
32.3. Sığortaçının və ya onunla əlaqəli şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin hər hansı səhminə malik olmayan şəxs Təftiş Komissiyasının müstəqil üzvü seçilə bilər.
32.4. Təftiş Komissiyasının üzvləri sırasından Təftiş Komissiyasının sədri və onun bir, yaxud bir neçə müavini seçilir. Təftiş Komissiyasının sədrinin səlahiyyətləri Təftiş Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir.
32.5. Təftiş Komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
32.6. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə Təftiş Komissiyasının sədrinin səsi həlledici sayılır.
Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri
33.1. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır:
33.1.1. sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;
33.1.2. daxili audit planlarını təsdiq etmək;
33.1.3. müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
33.1.4. Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
33.1.5. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;
33.1.6. səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq;
33.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri
34.1. Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:
34.1.1. sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;
34.1.2. illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;
34.1.3. sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;
34.1.4. sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını təmin etmək;
34.1.5. sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;
34.1.6. sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;
34.1.7. Direktorlar Şurasının təqdimatı əsasında əlaqəli şəxslərlə bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.
Maddə 35. Sığortaçının daxili audit xidməti
35.1. Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.
35.2. Daxili audit xidmətinin rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.
35.3. Sığortaçılarda daxili auditin aparılması qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 36. Yardımçı komitələr
36.1. Direktorlar Şurası öz üzvləri sırasından yardımçı komitələr təşkil edə və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə edə bilər.
36.2. Yardımçı komitələrin təşkili və onlara müvafiq səlahiyyətlərin həvalə edilməsi Direktorlar Şurasının səlahiyyətlərini və vəzifələrini məhdudlaşdırmır.
Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər
37.1. Sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və aktuarisi sığortaçının rəhbər işçiləridir.
37.2. Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:
37.2.1. ali təhsili olmalıdır;
37.2.2. müvafiq rəhbər vəzifəyə təyin olunmaq üçün aşağıdakı iş təcrübəsinə malik olmalıdır:
37.2.2.1. Direktorlar Şurasının sədri - istənilən sahədə rəhbər vəzifədə və ya sığorta sektorunda ən azı 5 il;
37.2.2.2. İdarə Heyətinin sədri - sığorta sektorunda ən azı 3 il;
37.2.2.3. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, habelə daxili audit xidmətinin rəhbəri - maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il;
37.2.2.4. baş mühasib - maliyyə sahəsində baş mühasib kimi ən azı 3 il və ya sığorta sektorunda mühasib kimi ən azı 2 il;
37.2.3. qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 5 il müddətində tətbiq edilir;
37.2.4. sığortaçının rəhbər işçisi vəzifəsindən qanunvericiliklə müəyyən olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə kənarlaşdırılmış olmamalıdır;
37.2.5. səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, sığortaçının digər idarəetmə orqanının üzvü olmamalıdır;
37.2.6. bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir;
37.2.7. sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməlidir.
37.3. Sığortaçının rəhbər işçilərinə dair bu Qanunun 37.2-ci maddəsinin tələbləri sığortaçının rəhbər işçisi vəzifəsini müvəqqəti icra edən şəxslərə də şamil olunur.
37.4. Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən şəxslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir.
37.5. Bu Qanunun 37.2.7-ci maddəsinin tələbi Direktorlar Şurasının üzvlərinə şamil edilmir.
Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi
38.1. Sığortaçının rəhbər işçisi vəzifəsinə sığorta nəzarəti orqanının razılığı əsasında təyin edilir. Bu tələb sığortaçının idarəetmə orqanlarının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilən şəxslərə şamil olunmur.
38.2. Sığorta nəzarəti orqanının razılığı olmadan sığortaçının rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.
38.3. Sığorta nəzarəti orqanı sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatla bağlı müraciətin (şəxsin müvafiq tələblərə cavab verməsini təsdiqləyən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri ilə birlikdə) sığortaçı tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 37.2-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə sığortaçıya yazılı bildiriş göndərir.
38.4. Sığorta nəzarəti orqanının hər hansı şəxsin sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı müraciətinə bu Qanunun 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə yazılı etiraz etməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi qiymətləndirilir.
38.5. Aşağıdakı hallarda sığorta nəzarəti orqanı sığortaçıya rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər:
38.5.1. razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə;
38.5.2. rəhbər işçi sığortaçıdakı fəaliyyəti ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə.
Maddə 39. Sığortaçının xarici fiziki şəxs olan rəhbər işçisi
Xarici fiziki şəxslər sığortaçının rəhbər işçisi vəzifəsinə Azərbaycan Respublikasında xarici fiziki şəxslərin işə qəbul edilməsini tənzimləyən müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilir.
Maddə 40. Sığortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı
Rəhbər işçinin vəzifələrini yerinə yetirməsi üçün lazım olan məlumatlar, o cümlədən maliyyə hesabatları və digər hesabatlar sığortaçı tərəfindən təmin edilməlidir.
Maddə 41. Sığortaçının işçilərinin vəzifələri
41.1. Sığortaçının işçiləri, o cümlədən rəhbər işçiləri qanunvericiliyə, sığortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə riayət etməli, funksiyalarının icrası zamanı sığortaçının mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmalı, müvafiq şəraitdə mümkün olan qayğı, çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər.
41.2. Sığortaçının daxili sənədlərinin, həmçinin hər hansı müqavilənin müddəaları sığortaçının rəhbər və digər işçilərini qanunvericiliklə müəyyən olunmuş məsuliyyətdən azad etmir.
41.3. Rəhbər və digər işçilər öz funksiyalarını bu Qanunun 41.1-ci maddəsinin tələblərinə müvafiq olaraq yerinə yetirdikdə onların hər hansı məsuliyyətə cəlb edilməsi ilə, o cümlədən hüquqlarının müdafiəsi ilə bağlı xərclərinin əvəzi sığortaçı tərəfindən ödənilə bilər.
Maddə 42. Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə
məlumat
42.1. Səhmdarların Ümumi Yığıncağının aşağıda göstərilən şəxslər barədə qərar qəbul edilmiş hər iclasından sonra sığortaçı 10 iş günü ərzində sığorta nəzarəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir:
42.1.1. sığortaçının Direktorlar Şurasının, Təftiş Komissiyasının və İdarə Heyətinin üzvlərinin:
42.1.1.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.1.2. iş təcrübəsi və ixtisas keyfiyyətləri;
42.1.1.3. digər hüquqi şəxsin idarəetmə orqanının üzvü olub olmaması barədə məlumat;
42.1.1.4. səlahiyyət müddətinin başa çatma tarixi;
42.1.2. sığortaçının müstəqil auditorunun:
42.1.2.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.2.2. təyin olunma tarixi;
42.1.2.3. iş təcrübəsi və ixtisas keyfiyyətləri.