REGİONLAR
İvanovkada üzüm yığımı davam edir VİDEO
İsmayıllı, 5 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunda iri üzümçülük təsərrüfatının olduğu Nikitin adına kolxozda məhsul yığımı davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, respublikamızda yeganə kolxozdur ki, bu təsərrüfat İvanovka kəndinin bazasında fəaliyyət göstərir. Burada əsasən malakanlar, ləzgilər bir yerdə, çiyin-çiyinə çalışırlar. Kolxozun 290 hektar üzüm bağı var. Plantasiyalarda əsasən yerli sort olan “Mədrəsə” texniki sortu yetişdirilir. Bu mövsümdə də sahələrdən bol məhsul gözlənilir. İlk günlərdən yığıma 60 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hələlik 100 tondan artıq üzüm yığılıb. Toplanan məhsul birbaşa şərab zavodlarına göndərilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda və ətraf rayonlarda Ermənistan ordusuna qarşı keçirdiyi əks-hücum əməliyyatı, qazanılan uğurlar ivanovkalıları da sevindirir. Ordumuzun, Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını, bir azərbaycanlı kimi Vətənin hər bir çağırışına hazır olduqlarını bildirən İvanovka sakinləri Ermənistan ordusunun, hətta cəbhədən kənar ərazilərdə yaşayış məntəqələrini, dinc əhalini hədəfə almasından hiddətləndiklərini söyləyiblər.