CƏMİYYƏT
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
Bakı, 17 iyul, AZƏRTAC
Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycandan Rusiyaya ixrac olunan 118 ton bitki məhsullarının geri qaytarılması barədə informasiyalar dolaşır. Bu, nə dərəcədə doğrudur?
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə AZƏRTAC-a deyib: “Yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Qeyd etmək lazımdır ki, iyulun 1-dən Agentliyimiz tərəfindən Azərbaycandan ixrac olunan məhsullar barədə ətraflı məlumatlar yayımlanır. Bu il yanvarın 1-dən indiyədək təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub və onlardan cəmi 5 nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu, ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir.
Nəqliyyat vasitələrindən 2-i sənədləşmədə olan problemlər, 3 isə kənd təsərrüfatı məhsullarının zərərvericilərlə yoluxması ilə əlaqədar geri qaytarılıb. Həmin məhsulların heç birinin toksikoloji göstəricilərində nöqsanlar aşkar edilməyib və bu, bitkiçilik təsərrüfatlarında aqrokimyəvi vasitələrin, pestisid və bitki zərərvericilərinə qarşı tətbiq edilən vasitələrin düzgün həyata keçirildiyini göstərir. Geri qaytarılan 2 nəqliyyat vasitəsinin sənədlərində olan problemlər aradan qaldırılandan, 3 nəqliyyat vasitəsindəki kənd təsərrüfatı məhsulları isə zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçiriləndən sonra məhsullar yenidən ixrac olunub”.