REGİONLAR
İyirmi rayonda 32 iri fermer təsərrüfatı yaradılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı keçirdiyi geniş kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalı üzrə 120 sentnerədək, soya üzrə isə 35 sentnerədək təşkil edir. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir.