İQTİSADİYYAT
İyul ayında bir icbari sığorta növü üzrə 2 milyon 340 min 262,80 manat sığorta ödənişi həyata keçirilmişdir
Bakı, 9 avqust (AZƏRTAC). 2013-cü ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətlərinə qarşı irəli sürülən tələblərdən 1702-si üzrə 2 milyon 340 min 262,80 manat məbləğində ödəniş həyata keçirilmişdir.
İSB-dən AZƏRTAC-a bildirmişlər ki, sığorta şirkətlərinə qarşı irəli sürülən 251 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.
Hesabat dövründə İSB tərəfindən bir kompensasiya tələbi üzrə 750 manat ödəniş həyata keçirilmişdir.
Ümumilikdə, 2013-cü ilin yanvar-iyul ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə iştirakçı sığorta şirkətlərinə qarşı irəli sürülən 9439 sığorta tələbi üzrə 13,1 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.