İQTİSADİYYAT
İyulda “Astara elektrik stansiyası”nda 15,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 27 avqust, AZƏRTAC
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş "Astara elektrik stansiyası"nda aqreqatlara, növbəti istismar həddinə uyğun bütün texniki xidmətlər qrafikə uyğun göstərilib.
"Azərenerji" ASC-nin Enerjinin İstehsalı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, stansiyada cari ilin iyul ayında 15,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Müəssisə ilin yeddi ayı ərzində dispetçer qrafikinə uyğun olaraq cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynayıb və burada 126,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlığa texniki baxışlar keçirilib, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılıb.