İQTİSADİYYAT
İyulda ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb
Bakı, 11 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,7 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb. Həmin dövrdə qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0 artıb.
Ay ərzində qarabaşaq, yulaf və arpa yarmasının, mal və toyuq ətinin, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, albalının, gilasın, əriyin, çiyələyin, göyərtinin, sarımsağın, soğanın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, yumurtanın, almanın, armudun, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, yerkökünün, çuğundurun, kartofun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, telefon və fotoaparatların qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.