REGİONLAR
İYULUN 14-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Bakı şəhərinin Nəsimi, Xətai, Nərimanov, Yasamal, Səbail, Binəqədi, Suraxanı rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə - “Təzə bazar” MMC-nin həyətində, metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Bakı” kinoteatrının yanındakı “Azər” ticarət mərkəzində, Keşlə ticarət mərkəzində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Biləcəri qəsəbəsində, “Bolluq” bazarının yanında, Qaraçuxur qəsəbəsindəki “Günəş” ticarət mərkəzində, Əmircan qəsəbəsindəki “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
Mövsümə uyğun olaraq, bu dəfə satışa bostan məhsulları, tərəvəz və meyvə daha çox çıxarılmışdı. Alıcılar Sabirabad, Salyan, Samux, Balakən, Kürdəmir, Quba, Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir, Şəki, Ağcabədi, Qəbələ, Qazax, Xaçmaz, Astara, Qobustan, Hacıqabul və digər rayonlardan gətirilmiş məhsulların çeşidi və qiymətlərindən razılıq edirdilər. Fermerlər mal və qoyun ətini, kartof, meyvə-tərəvəz, ağartı, konserv məhsulları, bal və yumurtanı paytaxt sakinlərinə bazarlardakından 10-15, hətta 20 faiz uçuz qiymətə satırdılar.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa 47 tondan artıq məhsul, o cümlədən 3,6 ton ət, 500 kiloqram ağartı məhsulları, 20 tondan yuxarı tərəvəz, 5,3 ton kartof, 11,5 ton bostan məhsulları, 5,1 ton meyvə, 200 kiloqram bal və 27 min ədəd yumurta çıxarılmışdır. Bu məhsulların qiyməti bazarlarla müqayisədə 30-40 faiz aşağı olmuşdur.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Qusar, Göyçay, Xaçmaz, Sabirabad və digər rayonlardan gətirilmiş 30 tona yaxın müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları qiymətinə və keyfiyyətinə görə bazardakı məhsullardan qat-qat sərfəli idi.
Xətai rayonundakı “Azər” ticarət mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, şənbə günü rayon ərazisindəki iki yarmarkada satışa 105 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Xətai rayonu ərazisində ticarət üçün nəzərdə tutulmayan yerlərdə məhsul satanlar da bu yarmarkaya cəlb edilmişdilər.
İşçi qruplarından verilən məlumata görə, havaların isti keçməsi ilə əlaqədar yarmarkalarda soyuducular quraşdırılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin, paytaxt rayonları icra hakimiyyətlərinin nümayəndələri yarmarkalarda satışın təşkilinə, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət edir, satıcıların və müştərilərin rəyləri ilə maraqlanırdılar.