ELM VƏ TƏHSİL
İyunun 11-də sınaq imtahanı aparılacaq
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15 min 274 abituriyent qeydiyyatdan keçib.
Bir növbə üzrə keçirilən sınaq imtahanları bütün binalarda saat 11.00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.
Abituriyentlərin diqqətinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.