İQTİSADİYYAT
İyunun sonunadək TANAP layihəsi üzrə hökumətlərarası sazişin imzalanması nəzərdə tutulur
Bakı, 2 may (AZƏRTAC). Azərbaycan ilə Türkiyə hökumətləri TransAnadolu təbii qaz boru xətti layihəsi (TANAP) üzrə danışıqları mayın sonunadək yekunlaşdıracaqlar.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bunu ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov bildirmişdir. O demişdir ki, iki ölkə arasındakı danışıqlar bu ayın sonunadək yekunlaşdırılacaqdır. Müvafiq sazişin iyunun 30-dək imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il dekabrın 26-da Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında “TransAnadolu təbii qaz boru xətti (TANAP) Memorandumu” imzalanmışdır.
TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu layihə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir.
“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcəkdir.