ELM VƏ TƏHSİL
Jan Vieqers: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının beynəlxalq qurumlara üzv olması onun inkişafının göstəricisidir
Bakı, 23 noyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) beynəlxalq qurumlara üzv olması onun inkişafının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 23-də TQDK-nın yaradılmasının 20 illiyinə həsr olunmuş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: inkişaf mərhələləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Niderlandın Təhsil Sahəsində Ölçmələr üzrə Milli İnstitutunun mütəxəssisi Jan Vieqers jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, qiymətləndirmə təhsildə ən vacib məsələlərdən biridir və Azərbaycanda bu sahə kifayət qədər inkişaf etmişdir. Təmsil etdiyi qurum haqqında məlumat verən niderlandlı mütəxəssis TQDK-nın bu beynəlxalq quruma üzv olmasını təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Bakıda keçirilən əvvəlki konfranslara da toxunan J.Vieqers TQDK-nın tələbələri seçmə və yerləşdirmə sahəsində gördüyü işləri yüksək dəyərləndirmişdir.