İQTİSADİYYAT
Jenis Kasımbek: Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını səbirsizliklə gözləyir
Astana, 16 mart, AZƏRTAC
Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını səbirsizliklə gözləyir. Bunu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov ilə görüşdə deyib.
Qazaxıstanlı nazir rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə daxil olan iqtisadi-ticari və nəqliyyat sahələrinin ikitərəfli əlaqələrdə mühüm yer tutduğunu qeyd edərək gündəlikdə duran məsələlərin müzakirəsi baxımından görüşün vacibliyini vurğulayıb. Jenis Kasımbek vurğulayıb ki, vaxtilə Aktau dəniz limanının rəhbəri vəzifəsində çalışdığı müddətdə ölkəmizi yaxından tanımaq imkanı olub.
Səfir Rəşad Məmmədov isə öz növbəsində vurğulayıb ki, Qazaxıstan Azərbaycanın vacib tərəfdaşlarından biridir. Bu baxımdan Azərbaycan Qazaxıstanla iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın inkişafında maraqlıdır. Diplomat Avropa və Asiya arasında əlverişli tranzit potensialının reallaşması istiqamətində hər iki ölkədə həyata keçirilən beynəlxalq nəqliyyat infrastrukturlarının əhəmiyyətindən danışıb. Diplomat bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Qazaxıstanın Xəzər sahilində inşa etdiyi yeni Kurık limanının ölkələrimizin tranzit imkanlarını daha da genişləndirəcəyini qeyd edib.
Rəşad Məmmədov, həmçinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Azərbaycan ixracatçı şirkətlərinin aprelin 24-25-də Qazaxıstanın Almatı və Astana şəhərlərində həyata keçirəcəyi ixrac missiyası haqında məlumat verib. Həmçinin Qazaxıstan şirkətlərinin də ölkəmizə belə səfər həyata keçirəcəyi təqdirdə onlara lazımi işgüzar əlaqələrin qurulması üçün bütün imkanların yaradılacağı bildirilib. Diplomat qeyd edib ki, Azərbaycan Qazaxıstan istehsalı olan lokomotivləri idxal etməyə hazırdır, həmçinin “Bakı Gəmiqayırma Zavodu”nda Qazaxıstanın gəmi sifarişlərinin qəbulunda maraqlıdır.
Jenis Kasımbek Qazaxıstanın Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə böyük əhəmiyyət verdiyini qeyd edərək, bu marşrutun inkişafı üçün Qazaxıstanda həyata keçirilən layihələr haqqında danışıb və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını səbirsizliklə gözlədiklərini qeyd edib. Həmçinin ikitərəfli ticari əlaqələrin inkişafının vacibliyini vurğulayan nazir sözügedən ixrac missiyasının uğurlu keçməsi üçün lazımi dəstək veriləcəyini bildirib.
Eyni zamanda, görüşdə hər iki ölkədə azad iqtisadi zonalar arasında əməkdaşlığın inkişafının faydalı nəticələr verə biləcəyi qeyd edilib və Aktau Dəniz Limanı Xüsusi İqtisadi Zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau istehsal və Logistika Mərkəzinin” iqtisadi-ticari əlaqələrin artmasına təkan verdiyi bildirilib. Öz növbəsində səfir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Azad İqtisadi Zonasının yaradılması, limanda taxıl terminalının tikilməsi barədə məlumat verib və bu Azad İqtisadi Zonada Qazaxıstanın taxıl sahəsində fəaliyyət göstərən böyük şirkətlərindən birini görməkdən Azərbaycan tərəfinin məmnun olacağını bildirib. Görüş zamanı tərəflər həmçinin mülki aviasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər, iki ölkə arasında birbaşa uçuşların sayının artırılması, reyslərin coğrafiyasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb və mövsümi çarter reyslərinin açılmasının mümkünlüyü vurğulanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana