MƏDƏNİYYƏT
Jurnalist Qulu Kəngərlinin “Keçmiş unudulmayanda tarixə dönür” kitabı Bişkekdə nəşr edilib
Bişkek, 30 aprel, АZƏRTAC
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin “Keçmiş unudulmayanda tarixə dönür” adlı elmi-publisistik kitabı Bişkekdəki ”Uluu Toolor” nəşriyyatında nəfis tərtibatla Azərbaycan və özbək dillərində çap olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli kitaba “Ön söz” yazıb. Toplunu özbək dilinə tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.
700 səhifəlik kitabın Azərbaycan variantının redaktoru Təranə Kazımova, özbək versiyasının redaktorları dosent Gülnaz Səttarova və Şəhla Qasımovadır.
Üç fəsildən ibarət kitabın birinci fəsli “Taleyi Mərkəzi Asiya ilə bağlı olan tanınmış Azərbaycan türkləri” adlanır. Bu fəsildə Mərkəzi Asiya ölkələrində yaşamış və yaşayan tanınmış azərbaycanlılar haqqında ayrı-ayrılıqda söhbət açılır, onların həyatı və fəaliyyəti işıqlandırılır. Burada adları bizə bəlli olan soydaşlarımızla yanaşı, tanımadığımız, heç vaxt eşitmədiyimiz adlar da var. Səmərqənd şəhərində yaşayan, sonra İndoneziyaya gedərək orada İslamı yayan Mövlana Malik İbrahim, Azərbaycandan gəlib ömrünü Buxara fəlsəfi mühitinə bağlayan Mövlana Yusif Qarabaği, böyük filosof Mirzəcan Şirazi, tacik mətbuatının Zərdabisi, Buxarada çap edilən ilk tacikdilli “Buxarai Şarif” qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Avropada tanınmış bəstəkar, Səmərqənddə doğulan, Fransada məşhurlaşan Əminulla Hüseynov (Andre Osseyn), onun oğlu, məşhur Fransız aktyoru və rejissoru Rüstəm Hüseynov (Rober Osseyn), Pakistanın azərbaycanlı prezidenti, Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya Xan Qızılbaş və digərləri bu qəbildəndir.
Kitabın ikinci fəsli “Günahsız günahkarlar” adlanır. Bu bölmədə Orta Asiyaya sürgün olunan azərbaycanlılar haqqında söhbət açılır, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda yüksək vəzifə tutan, sonra sürgün olunan, min bir əzaba düçar olan soydaşlarımızın acı taleyindən bəhs edilir, ALJİR-ə (Акмолинский лагерь жен изменников родины) və Karlaqa (Kaрагандинский лагерь) sürgün edilən günahsız qadınlarımızın acı taleyindən, məşhur Rəfibəylilər nəslindən Qazaxıstana sürgün olunanların həyatından danışılır.
Tanınmış yazıçı, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə, ictimai-siyasi xadim Əli Yusif Yusifzadə, Azərbaycanın və Qazaxıstanın böyük ictimai-siyasi xadimi Əhməd bəy Pepinov, Səmərqənddə ömrünün sonunadək sürgün həyatı yaşayan Qara bəy Qarabəyli, “Qürbətdə günəşi neylərəm” deyə fəryad edən Almas İldırım, Tacikistan KP MK-nın birinci katibi olmuş Mirzə Davud Hüseynov, bu ölkələrdə yüksək vəzifələrdə çalışan Əliheydər Şirvani-Mustafabəyov, Daşkənddə sürgündə olan məşhur xanəndə Cahan Talışinskayanın acı taleyi bu bölmədə işıqlandırılır.
Kitabın “Orta Asiyada teatrın yaranması” fəslində isə Özbəkistanda, Türkmənistanda və Tacikistanda teatrın yaranmasında və inkişafında Azərbaycan rejissorlarının və aktyorlarının rolundan bəhs edilir.
Xatırladırıq ki, kitab bir ay əvvəl Daşkənddəki “Renessans press” nəşriyyatında Azərbaycan və özbək dillərində çap olunub.