SİYASƏT
JURNALİSTLƏR ÜÇÜN TRENİNQ
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Aztelekom” İstehsalat Birliyinin tədris mərkəzində “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində növbəti treninq keçirilmişdir.
Mətbuat işçilərinin peşəkarlığını yüksəltmək məqsədi ilə keçirilən və müxtəlif KİV-lərdə çalışan jurnalistlərin, habelə ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbələrin iştirak etdikləri treninqdə “İnformasiya cəmiyyətində jurnalistlərin peşə etikası”, “Beynəlxalq jurnalist qurumları internetdə” və digər mövzularda məruzələr dinlənilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Əsas məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, informasiya-kommunikasiya texnologiyalarından cəmiyyətin bütün sahələrində istifadənin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə fəaliyyətləri ilə gerçəkləşdirilir.