DÜNYA
Kabil aeroportundan beynəlxalq reyslər bərpa olunur
Bakı, 9 sentyabr, AZƏRTAC
Qətər mütəxəssisləri Kabil aeroportunda bütün avadanlıqları təmir ediblər, Əfqanıstandan beynəlxalq kommersiya reyslər bərpa olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin xüsusi elçisi Mütləq əl-Kahtani AI Jazeera telekanalının efirində bildirib.
“Bu, tarixi bir gündür, Kabil aeroportundan beynəlxalq kommersiya reysləri tədricən bərpa edilir. Kabilə ilk kommersiya reysləri Dohadan gələcək”, - xüsusi elçi belə deyib. Onun sözlərinə görə, qətərli mütəxəssislər Kabil aeroportundakı bütün avadanlıqları təmir edə biliblər. Aeroportda təxliyə aviareysləri dayandırılıb, biletlər üzrə adi hava hərəkəti başlayır.
Mütləq əl-Kahtani qeyd edib ki, bir müddət sonra Kabildən Qətər Hava Yollarının təyyarəsi yola düşəcək və bu reysə bilet almış ilk sərnişinləri aparacaq.