CƏMİYYƏT
Kabus Dadaşov: Neyrocərrahlarımız dünyada ən ağır hesab olunan bütün növ nevroloji əməliyyatları icra edirlər
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında mətbuat konfransı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən konfransda xəstəxananın baş həkimi Kabus Dadaşov və neyrocərrahlar iştirak ediblər.
Media nümayəndələrinə məlumat verən baş həkim bildirib ki, dövlətimizin başçısının paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanılıb və 2012-ci ildə istifadəyə verilib.
Respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulub, dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunub. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi və 440 tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı var. Burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılıb, dörd neyrocərrahiyyə şöbəsi, o cümlədən uşaq neyrocərrahiyyə və digər köməkçi bölmələr fəaliyyət göstərir. Burada spinal neyrocərrahiyyə, baş-beyin, nevrotravma, uşaq neyrocərrahiyyəsi, anesteziologiya-reanimasiya və intensiv terapiya, əməliyyat bloku, laboratoriya, şüa diaqnostikası, qəbul-diaqnostik, fizioterapiya və tibbi bərpa, transfuzioloji kabinet, aptek və qida blokları fəaliyyət göstərir. Müəssisədə 79 həkim işləyir ki, onlardan da 27 neyrocərrah dünyada ən ağır hesab olunan bütün növ nevroloji əməliyyatları xəstəxanada icra edirlər. Tibb müəssisəsində kadr hazırlığına xüsusi yer ayrılıb. Belə ki, hər il onlarla mütəxəssis peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə dünyanın ən tanınmış tibb müəssisələrinə göndərilir, ixtisasartırma kurslarına qatılırlar. Xəstəxananın mütəxəssisləri müxtəlif beynəlxalq seminarlarda, simpoziumlarda məruzələrlə çıxış edirlər.
Baş həkim vurğulayıb ki, ötən il 2100 əməliyyat icra olunub, onlardan 129 əməliyyat təxirəsalınmaz, 1982 əməliyyat isə planlı əməliyyatlar olub. 10850 xəstəyə yüksək səviyyədə ambulator yardım göstərilib. Bu ilin 6 ayı ərzində isə 1014 əməliyyat həyata keçirilib, 5511 ambulator müraciət olub.
K.Dadaşov 27 neyrocərrahın üzərinə çox böyük məsuliyyət düşdüyünü də nəzərə çatdırıb. Bildirib ki, onlar Bakı şəhərində fəaliyyət göstərən bütün tibb müəssisələrinə gedir, konsultasiyalar yerinə yetirir, lazımi tibbi müdaxilələr edirlər. Neyrocərrahlar, eyni zamanda, sanaviasiya vasitəsilə respublikanın istənilən bölgəsinə ezam olunur, bəzən gün ərzində 2-3 çağırışlar yerinə yetirirlər. Hazırda xəstəxanada yüksək səviyyədə hər cür nevroloji əməliyyatlar icra olunur.