DÜNYA
Kağız dəsmallar təhlükəli bakteriya mənbəyidir
Bakı, 30 dekabr (AZƏRTAC). Laval Universitetinin tədqiqatçıları müəyyən etmişlər ki, ictimai tualetlərə qoyulan kağız dəsmallar sağlamlıq üçün ciddi təhlükə mənbəyidir. Onlar hələ istifadə olunmamış dəsmallarda müxtəlif xəstəliklər törədən bakteriyalar aşkar etmişlər. Bu isə o deməkdir ki, patogenlər insanın əlinə yuyulduqdan sonra da düşə bilər. Yolu xəstəxanaya düşən zəif immunitetli insanlar daha çox təhlükədədirlər.
Ekspertlər altı markaya məxsus kağız dəsmalları sınaqdan keçirmişlər. Bütün nümunələrdə bakteriyalar aşkar edilmişdir, lakin təkrar emal edilmiş liflərdən hazırlanmış dəsmallarda daha çox - ilkin xammaldan hazırlanmış dəsmallara nisbətən 100-1000 dəfə yüksək olmuşdur.
Analiz nəticəsində daha çox qida zəhərlənmələrinə səbəb olan toksinlər əmələ gətirən Bacillus bakteriyası, habelə göz, ağ ciyər, qan və mərkəzi sinir sistemi infeksiyalarına səbəb olan Bacillus cereus bakteriyası aşkar etmişlər.
Alimlər əvvəllər də təkrar kağız məhsullarda bakteriyalara təsadüf etmişdilər. Həmin dəsmallarda bakteriyalar asanlıqla çoxalır, çünki nişasta kimi yapışdırıcı inqridiyentlər bakteriyalar üçün qidadır. Hazırda tədqiqatçılar mətbəx dəsmallarında və üz üçün salfetlərdə hansı bakteriyaların yaşadığını müəyyənləşdirmək istəyirlər.