DÜNYA
Kaliforniya qubernatoru fast-fud sənayesi işçilərinin hüquqlarının müdafiəsinə yönəlmiş qanun layihəsi imzalayıb
Vaşinqton, 6 sentyabr, AZƏRTAC
Kaliforniya qubernatoru Gevin Nyusom fast-fud sənayesi sahəsində çalışan yarım milyondan çox işçiyə daha çox müdafiə hüququ verən qanun layihəsi imzalayıb. Hərçənd, restoran sahibləri xəbərdarlıq ediblər ki, bu, istehlakçıların xərclərinin artmasına gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, yeni qanun çərçivəsində işçilərin və işəgötürənlərin bərabər sayda nümayəndələrini təmsil edən 10 üzvdən, habelə Kaliforniyada əməkhaqqı, iş vaxtı və əmək şəraiti barədə minimal standartları müəyyən etmək səlahiyyətinə malik olacaq iki dövlət məmurundan ibarət Fast-fud Şurası yaradılacaq.
Qubernator Nyusom yeni qanun layihəsini məhz sentyabrın 5-də - Əmək günü imzaladığına görə fəxr etdiyini bildirib. Qubernatorun bəyanatında deyilir: “Kaliforniya çalışır ki, bizim dünya səviyyəli iqtisadiyyatımızı qurmağa kömək etmiş kişilər və qadınlar ştatın firavanlaşmasında iştirak edə bilsinlər. Bu gün imzalanmış qanun sayəsində fast-fud sahəsinin əməksevər işçiləri bütövlükdə bu sahədə ədalətli əməkhaqqı, sağlamlıq və təhlükəsizlik üzrə mühüm standartlar müəyyən edilən masa arxasında daha çox yer və səs hüququna malik olacaqlar”.
Restoran sahibləri və françayzerlər Kaliforniya Universitetinin iqtisadi proqnozlaşdırma və inkişaf mərkəzinin sifarişi ilə aparılmış analizin nəticələrinə istinad edərək bu qanunun əleyhinə çıxış ediblər. Həmin sənəddə deyilir ki, bu qanun istehlakçıların xərclərini artıracaq. Beynəlxalq Françayzinq Assosiasiyası bəyan edib ki, bu qanun istehlak qiymətlərinin 20 faiz artırılmasına səbəb ola bilər.