SİYASƏT
Kaliforniya Senatı Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət vermişdir
Vaşinqton, 15 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Kaliforniya
Senatının dəvəti ilə Azərbaycan Milli Məclisinin deputatları Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Asim Mollazadə, eləcə də ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən ibarət nümayəndə heyəti ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Kaliforniya Senatı Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət vermişdir.
Ziyafətdə senatorlar, ştat hökumətinin yüksək vəzifəli rəsmiləri, tanınmış iş adamları, Şimali Kaliforniyanın aparıcı yəhudi təşkilatlarının rəhbərləri, Sakramento şəhərinin təmsilçiləri və KİV nümayəndələri iştirak etmişlər. Senatorlar Mark Desonye və Ted Lyu çıxış edərək, 2011-ci ildə Azərbaycana etdikləri səfər barədə xoş təəssüratlarını bölüşmüşlər. Hər iki senator Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu vurğulamışlar. Kaliforniya Senatı aparatının rəhbəri, Kaliforniya Beynəlxalq Münasibətlər Fondunun sədri Qreq Şmid isə öz çıxışında Azərbaycan nümayəndə heyətini Sakramentoda salamlamaqdan məmnunluq duyduğunu və Senat ilə Milli Məclis arasında əlaqələrin möhkəmlənməsi üçün bu səfərin mühüm rol oynayacağını bildirmişdir.
Sonra respublikamızın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün Azərbaycan rəhbərliyinin uğurla apardığı məqsədyönlü daxili və xarici siyasət, ABŞ ilə münasibətlərin önəmi və Kaliforniya ilə əlaqələrimizin genişləndirilməsi barədə danışmışdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Kaliforniya Senatına səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan ilə Kaliforniyanın parlamentlərarası münasibətlərin daha da gücləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış və belə səfər mübadilələrinin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Azərbaycanın olduqca mürəkkəb bir bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu bildirən komitə sədri bu strateji tərəfdaşlığın yüksək önəm daşıdığını söyləmişdir. O bildirmişdir ki, gündən-günə daha da güclənən və artıq beynəlxalq arenada özünə layiq yer tutmuş Azərbaycan kimi bir dost və müttəfiqə malik olmaq ABŞ üçün böyük əhəmiyyət kəsb edir.
Sonra çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın qədim və zəngin etnik və dini dözümlülük ənənələrindən, Azərbaycanda müxtəlif xalqların dinc şəraitdə əsrlər boyu birgə yaşamasından, ölkəmizdə gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi sahəsində aparılan uğurlu siyasətdən bəhs etmişdir.
Ziyafət kamança ifaçısı İmamyar Həsənov tərəfindən Azərbaycan muğamlarının ifası ilə yekunlaşmışdır.
Qeyd edək ki, Kaliforniyadakı erməni lobbisi Azərbaycan nümayəndə heyətinin səfərinə, o cümlədən rəsmi ziyafətin keçirilməsinə mane olmaq istiqamətində mərkəzləşdirilmiş şəkildə müxtəlif səylər göstərsə də, öz məqsədlərinə nail ola bilməmiş, səfər və ziyafət böyük uğurla keçmişdir.
Yusif Babanlı
Vaşinqton