SİYASƏT
KALİFORNİYADA SƏMİMİ GÖRÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Amerika Şurasının (AAŞ) nümayəndə heyəti Kaliforniyanın paytaxtı Sakramentoda ştatın senatında olmuşdur. Azərbaycan diasporu nümayəndələrinin səfəri ötən il Azərbaycana gəlmiş Kaliforniya qanunvericiləri qrupunun təşəbbüsü ilə həyata keçirilmişdir.
AAŞ-ın üzvləri Kaliforniyanın azərbaycanlıların sıx yaşadığı şimal və cənub dairələrini təmsil edən senatorlar Lori Saldaney, Şeyla Kyul, Alan Lovental, Eleyn Alkvist, Culiya Braunli və Betti Karnett ilə görüşlər keçirmişlər. Nümayəndə heyəti senatın beynəlxalq əlaqələr şöbəsinin başçısı Ezilda Samovil və senatın tədqiqatlar şöbəsinin rəhbəri Anyez Li ilə də söhbətlər aparmışdır. Görüşlər çərçivəsində Azərbaycan icmasının nümayəndə heyəti Kaliforniya qanunvericilərinin fəaliyyəti, qanunvericilik orqanında qanunların hazırlanması, müzakirəsi və qəbulu prosesi ilə tanış olmuşlar. Kaliforniya əhalisinin sayına görə ABŞ-ın böyük ştatdır, iqtisadiyyatın həcminə görə isə dünyada 6-cı yeri tutur.
AAŞ-ın nümayəndələri qanunvericiləri Kaliforniyada Azərbaycan diasporunu birləşdirən təşkilatın fəaliyyəti ilə tanış etmişlər. AAŞ-ın gənclərlə iş üzrə komissarı və Kaliforniyanın nüfuzlu Berkli Universitetinin tələbəsi Ulduz Berencfuruş senatorlara Berkli Türk Tələbə Assosiasiyasının AAŞ-ın dəstəyi ilə buraxdığı “Birlik” jurnalını təqdim etmişdir. Jurnalda oxuculara türk xalqlarının, o cümlədən azərbaycanlıların tarixi və mədəniyyəti barədə məlumat verilir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Kaliforniya senatının gündüz sessiyasına dəvət olunmuşdur. Şeyla Kyulun rəsmi nitqindən sonra salonda Azərbaycan bayrağı qaldırılmış, senatorlar Azərbaycan icmasının nümayəndələrini səmimi salamlamışlar.
AAŞ Azərbaycan icmasının bu faydalı səfərinin təşkilində köməyə və dəstəyə görə Kaliforniya senatı beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Şenon Şellenberqə, habelə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna xüsusi təşəkkürünü bildirmişdir.
######