CƏMİYYƏT
Kamran Əliyev: Azərbaycanın ən ağır zamanlarında Heydər Əliyev vəziyyəti sabitləşdirdi və onu inkişaf yoluna çıxardı
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə deyib.
Baş prokuror qeyd edib ki, bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası - milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarıb.
Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət qurumlarından biri olan prokurorluq orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli statusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən bir təsisat kimi idarəçilik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsində mümkün olub.