DÜNYA
Kanadada körpə dişi mamont qalığı tapılıb
Bakı, 1 iyul, AZƏRTAC
Kanadada qızıl mədənçisi təsadüfən körpə dişi mamont qalığı tapıb. Tapılan qalıq yunlu mamont növünə aiddir. Maraqlı kəşf Yukon bölgəsindəki Klondayk qızıl axtarışı sahəsində baş verib. Təxminən 35-40 min il əvvəl doğulduğu güman edilən mamontu qızıl mədənçisi donmuş torpağı qazarkən tapıb.
AZƏRTAC BBC-ə istinadla bildirir ki, tədqiqatçılar mamont qalığına Nun cho ga adını verib. Bu da həmin ərazidə danışılan yerli dildə "böyük körpə heyvan" mənasındadır.
Ərazinin yerli əhalisindən olan bir qrup şəxs mamont balası üçün mərasim keçirib. Nun cho ga Şimali Amerikada tapılan tam, yunlu, ən yaxşı vəziyyətdə olan mamont nümunəsidir.
Yukon bölgəsindən olan paleontoloq Qrant Zazula öz arzusunun gerçəkləşdiyini bildirərək həyəcanını bölüşüb: "Nun cho ga Buz Dövrünə aid mumiyalanmış heyvanlardan biridir. Dünyada indiyə qədər kəşf edilmiş ən yaxşı halda olan qalıqdır".
Paleontoloq Q.Zazula eyni zamanda məlumat verib ki, mamont balası öldüyü zaman 140 santimetr uzunluğunda, 30-35 günlük olub və təqribən 35-40 min yaşı var.