SİYASƏT
Kanadanın Ottava şəhərində Azərbaycan və türk icmalarının üzvləri erməni tərəfinin şüarlarına cavab bəyanatları səsləndirmişlər
Bakı, 25 aprel (AZƏRTAC). Türkiyənin Ottavadakı səfirliyinin binası qarşısında Kanadada yaşayan erməni icması nümayəndələrinin qondarma “erməni soyqırımı günü” ilə bağlı keçirdikləri etiraz aksiyası zamanı səsləndirilən şüarlara Azərbaycan və türk icmalarının üzvləri cavab bəyanatları vermişlər.
Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AZƏRTAC-a verilən məlumatda deyilir ki, hər il olduğu kimi, ermənilər tərəfindən 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş “hadisələrin” Türkiyə Hökumətinin soyqırımı kimi tanımasını tələb edən müxtəlif şüarlar səsləndirilmişdir.
Ermənilərin builki aksiyasına cavab olaraq, Kanada paytaxtında ilk dəfə olaraq bu ölkənin müxtəlif şəhərlərində yaşayan türk və Azərbaycan icmalarının üzvləri də həmin vaxtda Türkiyə səfirliyinin qarşısına toplaşmış və ermənilərin şüarlarına cavab bəyanatları səsləndirmişlər.
Bəyanatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və işğal altında olan ərazilərin azad olunması tələb edilmişdir. Aksiya zamanı gənclərimiz Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırmışlar.