DÜNYA
Kanslerin uğursuz zarafatı Almaniya ilə Macarıstanın arasını vurmuşdur
Bakı, 22 may (AZƏRTAC). Almaniya ilə Macarıstanın bir-birinin ünvanına xoşagəlməz fikir söyləmələri bu ölkələrin münasibətlərini gərginləşdirmişdir. Macarıstanın Baş naziri Viktor Orban Almaniya kansleri Angela Merkelin siyasətini nasist siyasəti ilə müqayisə etməklə, daha doğrusu, 1944-cü ildə Hitler ordusunun Macarıstana hücum etməsini xatırlatmaqla Berlini hiddətləndirmişdir.
Diplomatik qalmaqala isə qarşıdan gələn seçkilərdə Angela Merkelin rəqibi, sosial-demokrat Peyer Ştaynbryuk özü də bilmədən kütləvi çıxışı zamanı səbəb olmuşdur.
O, “diktatorluq rejiminə doğru yuvarlanan Macarıstanı Aİ-dən çıxarıb atmağa” çağırmışdır. Budapeşti müdafiə etməyə çalışan A.Merkel zarafatyana “Bu ölkəni düzgün yola qaytarmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Dərhal qoşun göndərməyə ehtiyac yoxdur” demişdir.
Zarafat uğursuz olmuşdur. Budapeşt dərhal reaksiya vermişdir. V.Orban xatırlatmışdır ki, Almaniya artıq bir dəfə qoşun göndərmişdir.
Hadisələrin hansı şəkil alacağı hələlik məlum deyildir. Liderlər mayın 22-də Aİ-nin sammitində görüşəcəklər.
Bu barədə məlumatı “Euronews” telekanalı yaymışdır.