İQTİSADİYYAT
“Kapital Bank” “İnnovasiya Ekosistemlərinin Qurulması” elmi seminarının rəsmi tərəfdaşıdır
Bakı, 20 oktyabr, AZƏRTAC
“Kapital Bank” oktyabrın 19-21-də Bakı Mühəndislik Universitetində keçirilən “İnnovasiya Ekosistemlərinin Qurulması” adlı elmi seminarın rəsmi tərəfdaşıdır. Seminarı Global Innovation Catalyst şirkəti, Berkeley Kaliforniya Universiteti və Stanford Universitetindən dəvət olunmuş mütəxəssislər aparacaqlar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, “Kapital Bank”ın müşahidə şurasinin sədri Cəlal Qasımov və rəhbər heyəti, millət vəkilləri, dövlət rəsmiləri, rektorlar, ictimai xadimlər və digər qonaqlar iştirak edib.
Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarında qərar verən vəzifələrdə çalışan şəxslərin innovasiya ekosisteminin qurulması üzrə yol xəritəsi sənədinin hazırlanmasına dəstək verməkdir. Seminar nəticəsində komissiya üzvləri sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilikəsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair 3 illik fəaliyyət planı hazırlaya biləcəklər.
Qeyd edək ki, tədbirdə UC Berkeley idarəedənlər üçün təhsil istiqamətinin direktoru və təlimçisi Qreqori LaBlank, Global Innovation Catalyst şirkətinin qurucusu və sədri Kamran Elahian və digər rəsmi qonaqlar çıxış ediblər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə etmək olar.