İQTİSADİYYAT
“Kapital Bank” “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub
Bakı, 27 oktyabr, AZƏRTAC
“Kapital Bank” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, oktyabrın 27-də Azərbaycan Banklar Assosiasiyası tərəfindən ilk banklararası “Nə? Harada? Nə zaman?” yarışı keçirilib. 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi yarışın qalibi “Kapital Bank” komandası olub. Üç mərhələdən ibarət yarışda II yeri isə “Bank of Baku” komandası tutub. Qeyd edək ki, “Bank of Baku” ötən il ABA tərəfindən keçirilən banklararası “Breyn Ring” çempionatının da qalibidir.
Üçüncü yerin müəyyənləşdirilməsi üçün isə əlavə bir mərhələ keçirilib. Əlavə 5 sualın 4-nə doğru cavab verən “Dəmirbank” isə üçüncü yeri əldə edib. Bu bank ötənilki banklararası “Breyn Ring” çempionatında da üçüncü yeri tutmuşdu.
Qaliblər ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən mükafatlandırılıblar.