İQTİSADİYYAT
“KARAJANBASMUNAY”IN HASİL ETDİYİ NEFTİN 50 FAİZDƏN ÇOXU BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİ İLƏ NƏQL OLUNACAQ
“Karajanbasmunay” Açıq Səhmdar Cəmiyyəti “Karajanbas” yatağından hasil olunacaq neftin 50 faizdən çoxunu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql etməyi planlaşdırır. AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, bunu şirkətin marketinq üzrə vitse-prezidenti Patrik O”Mara bildirmişdir.
P.O”Mara demişdir: ”BTC boru kəməri səhmdarlarının məlumatına görə, tikinti 2004-cü ilin dekabrında başa çatmalıdır və zənnimcə, öz neftimizin nəqli barədə müqaviləni kəmər istifadəyə verilənədək imzalaya bilərik. Hazırda Bakı-Ceyhan istiqaməti şirkətlər üçün ən sərfəli yoldur, çünki neftin nəqlinin dəyəri çox səmərəli həddə nəzərdə tutulur”. Onun sözlərinə görə, neftin “Karajanbas” yatağından Samarayadək nəqli bir ton üçün 45 dollar, Mahaçqalayadək 40 dollar, Xəzər Neft Konsorsiumunun boru kəməri ilə isə 56 dollardır. Neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin tarifi isə bir ton üçün 28-32 dollar həddində nəzərdə tutulur.