İQTİSADİYYAT
Karbamid zavodunun inşası məqsədi ilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanmışdır
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) “Samsung Engineering Co.LTD.” şirkəti ilə ARDNŞ arasında Sumqayıt şəhərində karbamid istehsalı zavodunun inşası məqsədi ilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və “Samsung Engineering Co.LTD.” şirkətinin prezidenti və baş icraçı direktoru Ki Seok Park imzalamışlar.
İmzalanma mərasimində çıxış edən R.Abdullayev qeyd etmişdir ki, müasir beynəlxalq standartlara uyğun azot gübrəsi istehsal edəcək karbamid zavodunun inşası layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Zavodun tikintisi dövlət investisiyaları hesabına maliyyələşdirilərək 500 milyon avro təşkil edəcək və 2013-2015-ci illər ərzində həyata keçiriləcəkdir. Ammonyak, karbamid mayesi və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət zavodda sutkada 2 min ton karbamid istehsal olunması nəzərdə tutulmuşdur.
Sonra “Samsung Engineering Co.LTD.” şirkətinin baş icraçı direktoru Ki Seok Park çıxış edərək ARDNŞ ilə əməkdaşlıqlarından məmnun olduqlarını demiş, bildirmişdir ki, bu layihə həm Azərbaycan, həm Dövlət Neft Şirkəti həm də “Samsung Engineering Co.LTD.” üçün uğurlu bir layihə olacaqdır. Bu bizim Azərbaycanda ilk layihəmiz olduğu üçün işin icrasına daha həssaslıqla yanaşıb, layihəni uğurla və ən az problemlə başa çatdırmağa çalışacağıq -deyə S.Park vurğulamışdır.
Qeyd etmişdir ki, “Samsung Engineering Co.LTD.” dünya üzrə 1000-dən artıq ölkədə layihələr həyata keçirmişdir. Hazırda şirkət 20 ölkədə 38 milyard dollarlıq layihələr üzərində işləyir.
Müqavilədə nəzərdə tutulmuşdur ki, “Samsung Engineering Co.LTD.” şirkəti zavodun tikintisi başa çatdıqdan sonra bütün lazımi sınaqları keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə ARDNŞ-ə təhvil verəcəkdir. Müqavilə çərçivəsində “Samsung Engineering Co.LTD.” şirkəti zavodun tikinti-quraşdırma işlərini apararaq, müvafiq sınaqlar həyata keçirəcək və zavodun istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil ediləcəkdir.