ELM VƏ TƏHSİL
Karyera planlama təlimləri davam edir
Bakı, 19 oktyabr, AZƏRTAC
“Məktəblinin dostu” layihəsi çərçivəsində 2017-2018-ci tədris ili üzrə karyera planlama təlimləri keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, təlimlər layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin əməkdaşları tərəfindən təşkil olunub.
Təlimlərin təşkilinin əsas məqsədi məktəblilərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdir.
Təlimlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır, şagirdləri maraqlandıran suallara aydınlıq gətirilir.
Qeyd edək ki, bu ilin aprelindən başlanan karyera planlama təlimləri 14 məktəbdə icra olunur.
Təlimlərin növbəti mərhələlərdə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.