SİYASƏT
Kayrat Mami: Qazaxıstandakı Azərbaycan diasporu iki ölkə arasında körpüdür
Bakı, 8 iyun (AZƏRTAC). Qazaxıstandakı Azərbaycan diasporu iki ölkə arasında körpüdür.
AzəTAc xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami demişdir.
Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Senatın sədri iqtisadi əməkdaşlığın yüksək templə inkişaf etdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin hər il artdığını vurğulamışdır. K.Mami bildirmişdir ki, ötən ilin yekunlarına əsasən, Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil etmişdir.
İki ölkənin birgə müəssisələrinin olduğunu diqqətə çatdıran Senatın sədri qeyd etmişdir ki, Azərbaycanda Qazaxıstanın buğda terminalı fəaliyyət göstərir. Azərbaycana buğda və neft məhsulları ixrac edilir.
Diasporla bağlı sualı cavablandıran K.Mami hazırda ölkəsində 130 min azərbaycanlının yaşadığını, onların Qazaxıstanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini demişdir.