SİYASƏT
Kazanda keçirilən İkinci Beynəlxalq İƏT Modeli qlobal sammitində Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə qəbul edilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Kazanda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF), Rusiya Federasiyası Tatarıstan Respublikası hökumətinin və “Selet” Tatarıstan Tələbə Liqasının təşkilatçılığı ilə İkinci Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli qlobal sammiti çərçivəsində Tatarıstan parlamentində İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri simulyasiya toplantısının plenar sessiyası keçirilmiş və sammitin yekun qətnamələri qəbul olunmuşdur.
AZƏRTAC xəbər verir ki, plenar sessiyada DƏ İKGF-nin proqram rəhbəri Sevinc İsgəndərova Forumun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatını keçirmiş, kampaniya çərçivəsində son üç ildə görülən işlər haqqında məlumat vermişdir.
S.İsgəndərova DƏ İKGF-nin adından sammit iştirakçılarını “Xocalıya ədalət” kampaniyasının təmsil etdikləri ölkələrdə təbliğ olunması və kampaniyaya daha çox gəncin qoşulması istiqamətində səy göstərməyə çağırmışdır.
Simulyasiya plenar sessiyasında sammitin yekun qətnamələrinin müzakirəsi zamanı nümayəndə heyətimiz tərəfindən irəli sürülən və Azərbaycanın işğal olunmuş ərazilərindəki real vəziyyəti əks etdirən qətnamə layihəsi də səsverməyə çıxarılmış və yekdilliklə qəbul olunmuşdur. Qətnamədə işğal olunmuş ərazilərin azad edilməsi tələbi də əksini tapmışdır.
Sessiyada keçid ölkələri olan Tunis, Liviya və Misirdə siyasi sabitlik, nüvə enerjisinin istifadəsi, Balkan ölkələrində müsəlman azlıqları ilə bağlı vəziyyətə dair qətnamələr də qəbul edilmişdir.
Tədbirdə İƏT-in üzvü olan 50-yə yaxın ölkədən gənclərlə yanaşı, Tatarıstan hökuməti və parlamentinin nümayəndələri, Türkiyənin gənclər və idman nazirinin müavini, Malayziya Beynəlxalq Universitetinin prorektoru, İKGF-nin və Tatarıstan Tələbə Liqasının təmsilçiləri də iştirak etmişlər.
Tədbirin fərqlənən iştirakçıları İKGF tərəfindən sertifikat və mükafatlarla təltif olunmuşlar.