MƏDƏNİYYƏT
“Kəlbəcər - ömrüm, həyatım mənim” və “Bir də görüşərik” kitablarının təqdimatı keçirilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Noyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəmbər Şəmşiroğlunun “Kəlbəcər - ömrüm, həyatım mənim” və “Bir də görüşərik” kitablarının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin sağlığında Kəlbəcərdə çəkilmiş videogörüntünün nümayişi ilə başlamışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, filologiya elmləri doktoru Şirindil Alışanlı və başqaları 12 kitab müəllifi Qəmbər Şəmşiroğlunun şeirlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açmışlar.
Bildirilmişdir ki, ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Ömrün işıqlı anları”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” və s. kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapmışdır.
Tədbirdə məlumat verilmişdir ki, doğma Vətənə qayıtmaq, o yerləri görmək ümidi ilə yazılmış “Kəlbəcər, ömrüm, həyatım” kitabının II cildi də nəşrə hazırlanır.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.