REGİONLAR
Kəlbəcər Suvarma Sistemləri İdarəsi meliorativ tədbirləri davam etdirir Lənbəran ərazisində torpaq kanallar lildən təmizlənir VİDEO
Bərdə, 12 noyabr, AZƏRTAC
Kəlbəcər Suvarma Sistemləri İdarəsi Bərdə rayonu Lənbəran ərazisində Kəlbəcər rayonuna məxsus əkin sahələrinin, Samux rayonunun Bozdağ massivində fermer təsərrüfatının və Göygöl rayon Murovdağ qəsəbəsində əhalinin içməli su və həyətyanı sahələrinin su təchizatı işlərini yerinə yetirir.
Kəlbəcər Suvarma Sistemləri İdarəsinin rəisi Sahib Verdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, İdarə ümumilikdə 1219 hektar əkin və həyətyanı sahələrin suvarılmasına xidmət edir. İdarə tərəfindən cari ilin 10 ayı ərzində böyük və kiçik həcmli kanallarda lil və bitki örtüyündən təmizlənmə işləri həyata keçirilib. İdarənin texnikaları ilə 22,5 min kubmetr, podrat üsulu ilə ekskavatorla 28,5 min kubmetr, buldozerlə isə 12 min kubmetr lildən təmizləmə işləri aparılıb. Görülən işlər nəticəsində həmin ərazidə yaşayan fermerlərin və kənd sakinlərinin suvarma suyundan istifadəsi asanlaşıb. Bundan başqa 4 ədəd yeni şlüz qapılar qoyulub, hidrotexniki qurğular bir daha yoxlanılıb saz vəziyyətə gətirilib.
İdarənin balansında 2 nasos stansiyası mövcuddur ki, bunlardan biri Murovdağ köçkün qəsəbəsində 399 ailənin suya olan tələbatını və 20 hektar həyətyanı sahəsinin su təminatını ödəyir. Digər nasos stansiyası Samux rayonunun Bozdağ ərazisində yerləşən Qismət-2017 kəndli fermer təsərrüfatının 50 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Torpaqların meliorativ tərəfdən yaxşılaşdırılması və şoranlaşmanın qarşısının alınması üçün kollektor-drenaj sistemlərində də lildən təmizləmə işləri yerinə yetirilir.
Hazırda Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən suvarma kanallarının lildən və bitki örtüyündən təmizlənməsi və şlüz qapıların qoyulması həyata keçirilir.