REGİONLAR
Kəlbəcərli məcburi köçkün: Vahid aylıq müavinət hamımızın ürəyincədir
Gəncə, 26 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Kəlbəcərdən olan məcburi köçkünlər üçün Gəncə şəhərində salınan yeni qəsəbənin sakinləri Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanını rəğbətlə qarşılayıblar.
Yeni qəsəbədə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Fəxrəddin Mikayılov AZƏRTAC-ın müxbirinə bildirib ki, bu Fərman qəsəbənin bütün sakinləri kimi onun ailəsinin də sevincinə səbəb olub.
Fəxrəddin Mikayılov deyib: “Kəlbəcər işğal olunanda minlərlə həmyerlimiz kimi biz də ev-eşiyimizi, yurd-yuvamızı itirdik. Gəncəyə pənah gətirdik və burada vaxtilə internat kimi fəaliyyət göstərən binada məskunlaşdıq. Qarşıda bizi nə gözlədiyini bilmirdik. Ümummilli lider Heydər Əliyev itmiş inamımızı və ümidimizi geri qaytardı. Ən ağır illərdə qaçqın və məcburi köçkünlər onun diqqət və qayğısı ilə əhatə olundu”.
Həmsöhbətimiz qeyd edib ki, eyni siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Artıq üç ildir ki, Gəncədə məskunlaşan bütün kəlbəcərlilər kimi, bizim ailə də yeni salınan qəsəbəyə köçüb. Mənzillərimiz geniş və işıqlıdır, bütün kommunikasiya sistemi ilə təmin olunub.
“Bu vaxta qədər kommunal xidmətlərdən qənaətlə istifadə etmişik. Ona görə də sayğaclarımızda işıq, qaz və su kimi kommunal xidmətlərə görə sərf olunmamış fərq yaranıb. Müvafiq Fərmana qədər sayğaclardakı həmin fərqi nağdlaşdırmaq mümkün deyildi. İndi bu Fərman imkan verir ki, kommunal xidmətlərdən qənaət etdiyimiz məbləği digər ehtiyaclarımıza yönəldək. Bizə göstərilən bu diqqət və qayğıya görə Prezidentimizə minnətdarıq”, - deyə kəlbəcərli məcburi köçkün vurğulayıb.