İQTİSADİYYAT
Kembric Universitetinin Mərkəzi Asiya Forumunda Bakı Limanının fəaliyyəti barədə məlumat verilib
Bakı, 11 fevral, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda yerli və xarici ekspertlər, akademik dairələrin nümayəndələri ilə onlayn görüş keçirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı baş direktor Azərbaycanın beynəlxalq nəqliyyat potensialından danışıb, Bakı Limanı barədə məlumat verib. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan inamlı qələbədən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və bu da öz növbəsində nəqliyyat sahəsinin inkişafına töhfəsini verəcək.
T.Ziyadovun sözlərinə görə, 2020-ci il Bakı Limanı üçün çox uğurlu bir il olub və bu il limanın yük dövriyyəsi 20 faiz artıb. Tranzit yüklərin payı ümumi yükaşırmanın 87 faizini təşkil edib və beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım olub.
Baş direktor qeyd edib ki, Türkiyənin artıq sayca üçüncü ixrac qatarı fevralın 6-da Bakı Limanına çatıb. Tibbi və kimyəvi məhsullar daşıyan yük karvanı 6 saat ərzində Bakı Limanında “Beket – Ata” fider gəmisinə yüklənərək Aktau limanına yola salınıb. Həmçinin 2019-cu ildə Bakı Limanı ilə “ÖBB Rail Cargo Group” və Venlo Logistik Qovşağı arasında imzalanmış anlaşma memorandumuna əsasən Avropadan Çinə və əks istiqamətdə yüklərin daşınması nəzərdə tutulub. Çindən ilk yük qatarı Bakı Limanından keçməklə artıq Avropaya çatıb və yaxın zamanlarda Venlodan yük qatarlarının Çinə yola salınması gözlənilir.
Görüşün sonunda T.Ziyadov vebinar iştirakçılarının suallarını cavablandırıb.