İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsulları istehsalçıları ƏDV-dən azaddırlar
Bakı, 9 may, Ramiz Quliyev, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalını və ya pərakəndə satışını həyata keçirən şəxslər əlavə dəyər vergisi (ƏDV) ödəməlidirlərmi və bu zaman hansısa güzəştlər mövcuddurmu?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, 5 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət gəlir vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır.
Həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri gəlirin həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
Qeyd olunan vergi güzəştləri isə kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olan şəxslərə şamil edilmir.