REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
Bakı, 14 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi 529 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir.
Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir. Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan qurumun rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, nazirlik aparatı və nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.
Maraqlananlar daha ətraflı məlumatı http://www.agro.gov.az/ saytından əldə edə bilərlər.