REGİONLAR
Kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə verilən kreditlərin həcmi 29,5 faiz artıb
Naxçıvan, 27 yanvar, AZƏRTAC
Muxtar respublikada ötən il kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 17 milyon 295 min 200 manat kredit verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2020-ci ildəki göstəricidən 29,5 faiz çoxdur.
Naxçıvanda özünüməşğulluğun və daxili bazarın keyfiyyətli yerli məhsullarla təmin olunmasında xüsusi yer tutan ailə təsərrüfatlarının davamlı inkişafı diqqətdə saxlanılıb, təsərrüfatlar tərəfindən istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilib.
Muxtar respublikada strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizatın formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarı qısamüddətli mənfi təsirlərdən qorumaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 14 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb.