DÜNYA
Ketrin Eşton: Avropa İttifaqı Misir xalqının 2011-ci il yanvar inqilabının məqsədlərinə nail olmaq səylərini bundan sonra da dəstəkləyəcəkdir
Əmman, 13 yanvar (AZƏRTAC). Yanvarın 14-15-də Misirdə yeni konstitusiyaya dair referendum keçiriləcəkdir. Bu ərəfədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirmişdir ki, Avropa İttifaqı Misir xalqının 2011-ci il yanvar inqilabının məqsədlərinə nail olmaq səylərini bundan sonra da dəstəkləyəcəkdir.
Yerli KİV-lər Ketrin Eştonun bəyanatına istinadla xəbər verirlər ki, həmin sənəddə deyilir: “İnsan ləyaqəti, sosial ədalət, təhlükəsizlik, demokratiya, insan hüquqları və iqtisadi vəziyyətin yaxşılaşdırılması Misirin məqsədləri olaraq qalır və Avropa İttifaqı bu məqsədlərə nail olmaq səylərini dəstəkləyir”.
Avropa İttifaqının ali nümayəndəsinin fikrincə, həm referenduma qədər, həm də ondan sonra konstitusiya prosesi ölkədə demokratik seçkilər, gələcək parlamentdə müxtəlif siyasi baxışların ədalətli təmsil olunması, hökumətin və dövlət müəssisələrinin hesabat verməsi, habelə təhlükəsizliyin möhkəmlənməsi və ümumi inkişaf yolunda yeni siyasi dialoq və qarşılıqlı fəaliyyət üçün şans verə bilərdi.
K.Eşton yaxın keçmişdə Misirə və onun xalqına qarşı terror aktlarını birmənalı şəkildə pislədiyini və bundan sonra da pisləyəcəyini xatırladaraq vurğulamışdır: “Bununla belə, əminəm ki, indiki böhrana sərt münasibət Misirin gələcəyini yaxşılaşdırmağa kömək etməyəcək və öz fikrini ifadə etmək azadlığına ciddi mane ola bilər”. K.Eştonun sözlərinə görə, Avropa İttifaqı Misiri demokratik dəyərlərə, insanın əsas azadlıqlarına və hüquqlarına hörmət bəsləyən tərəfdaş və müasir dövrün bir sıra problemlərini onunla birgə həll edə biləcək bir qonşu kimi görmək istəyir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman