CƏMİYYƏT
Keyvan Seyidrzayi: Arzum odur ki, Azərbaycan və Türkiyə bayraqları hər zaman uca zirvələrdə qoşa dalğalansın
Tokio, 15 avqust, AZƏRTAC
Arzum odur ki, Azərbaycan və Türkiyə bayraqları hər zaman uca zirvələrdə qoşa dalğalansın.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində hazırda bu gündoğar ölkədə yaşayan, “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi”nin fəallarından biri, iş adamı Keyvan Seyidrzayi deyib.
K.Seyidrzayinin təşəbbüsü ilə bir qrup alpinist avqustun 14-də Fuci dağının zirvəsinə qalxaraq 3776 metr hündürlükdə Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırıb.
Azərbaycanlı və türkiyəli alpinistlərdən ibarət qrupun rəhbəri Keyvan Seyidrzayi bildirib ki, bu layihə qrup üzvlərinin və Yaponiyada fəaliyyət göstərən “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi” diaspor təşkilatının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə hədiyyəsidir.
K.Seyidrzayi əlavə edib ki, Azərbaycanın adı və uğurları barədə son illər Yaponiyada çox danışılır. Yaponiya mətbuatı və televiziya kanalları Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlara, ölkənin dinamik inkişafı barədə xəbərlərə geniş yer verir. Yaponiyanın tanınmış televiziya kanallarının müxbirlərinin Azərbaycana səfərlər edərək ölkə haqda hazırladığı xüsusi proqramlar Yaponiyada yaşayan hər bir azərbaycanlını ürəkdən sevindirir.
Azərbaycanın uğurları ilə qürur hissi keçirdiyini vurğulayan K.Seyidrzayi qeyd edib ki, layihəni Yaponiyada yaşayan əslən türkiyəli dostları - Kamil Akçay, Veli Fedaioğlu və Çağrı Demirer ilə birlikdə həyata keçirib. Türkiyə ilə Azərbaycanın sıx birliyini nəzərə alaraq Fuciyama zirvəsində qardaş ölkələrin dövlət bayraqlarını birlikdə dalğalandırıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio