İDMAN
KİLİMANCARONUN İKİNCİ FƏTHİ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Cənubi Afrika Respublikasından olan alpinist Lans de Villyers Afrikanın ən hündür dağı Kilimancaroya (5895 metr) 12 saat 26 dəqiqəyə qalxıb-enərək, yeni dünya rekordu vurmuşdur. Əvvəlki rekord (14 saat 50 dəqiqə) tanzaniyalı Roqas Mtuiyə məxsus idi.
35 yaşlı pretoriyalı alpinist Lans de Villyersi beş tanzaniyalı bələdçi müşayiət etmişdir. Lakin onlardan yalnız ikisinə Lansdan bir saat sonra zirvəyə çıxmaq müyəssər olmuşdur. Lans bələdçiləri haqqında hörmətlə demişdir: ”Gücləri tükənsə də, peşəkarlıq qüruru onları geri dönməyə qoymurdu”.
Villyersin sözlərinə görə, o, “elmi metodika”dan istifadə etməklə rekord qazanmağa hazırlaşırmış. Dağa çıxan zaman onun ürəyi dəfələrlə ”son imkan həddində” döyünübmüş.